Azərbaycan haqqında faktlar

  • Azərbaycan və böyük ipək yolu: Bizim əcdadlarımızın ölkəsi sirli uzaq Çin ilə ziynət əşyalarına ehtiyacı olan zəngin Avropa arasında qızıl qapı rolunu oynayırdı. Ona görə də qədim İpək yolunun üstündəki zəncirin bu əsas  «aşırımına» belə diqqət yetirilirdi. Həmin zamanlarda əsas karvan yollarının salınması  təkcə qida və suyun olmasından asılı olmurdu.  Karvan yolları, bir qayda olaraq, elə ölkələrdən keçirdi ki,  orada səyahətçilər və tacirlər kifayət qədər yüksək mədəniyyət görmüş, qonaqpərvər, müharibə və tayfalararası nifaq olmamış və  yerli əhali ticarət əlaqələrinə can atmış olsun.  Bütün bu keyfiyyətlər də Azərbaycan əhalisinə xas olan xüsusiyyətlərdir. Onun əməksevər, istedadlı sənətkarları isə xarici tacirlərə bir çox faydalı mallar təklif edə bilirdilər. Bunlara misal olaraq zərif ziynət əşyalarını, nəfəs və simli çalğı alətlərini, qiymətli silahları, dəbdəbəli, çox qiymətli xalçaları və əlbəttə yerli rəngarəng  ipək parçaları göstərmək olar. Bəs təbii sərvətlər? Tacirlər Avropaya buradan neft, qiymətli daşlar, duz, civə, yun, pambıq, mineral boyalar, farmakoloji dava-dərman və bir çox başqa şeylər aparırdılar. Yerli mis məmulatlar: qab-qacaq, şamdanlar, astronomiya cihazları böyük şöhrət qazanmışdı. Yeri gəlmişkən, təcrübəli ustaların ənənələri əsrlərdən keçib müasir dövrə qədər gəlib çıxmışdır – hal-hazırda Azərbaycanın dağ kəndi olan Lahıcda qədim sülalələrin sirlərindən istifadə etməklə  hələ də əntiqə miss əşyalar düzəldilməkdədir. Turistlər “oriental” səpgisində düzəldilmiş bu əşyaları həvəslə alırlar. Turistlərin çoxu əl işi olan xalçaları, naxışla işlənmiş kəmərləri, zərbafta ilə  işlənmiş malları, kəlağayıları, taxta memarlıq nümunələrini, Azərbaycan rəssamının milli səpgidə çəkdiyi şəkilləri və i.a. almağı sərfəli alver hesab edirlər. Bütün bu incəsənət əsərləri xaricdə mütəxəssislər və zərif şərq ziynət əşyaları həvəskarları tərəfindən yüksək qiymətləndirilir.
    Hal-hazırda respublika TRASEKA proqramı çərçivəsində qədim ticarət əlaqələrini  canlandırmaqla Çini Fransa ilə birləşdirmək üçün tarixi transkontinental Böyük İpək Yolu marşrutunu bərpa etmək layihəsində iştirak edir.
  • Azərbaycanın coğrafiyası: Azərbaycan Zaqafqaziya regionunun cənub-şərqində, Asiyanın qərbində yerləşir. Azərbaycan şimaldan – Rusiya ilə, şimal-qərbdən – Gürcüstan ilə, cənubdan – İranla, qərbdən – Ermənistan ilə, uzaq cənub-qərbdən Türkiyə ilə  həmsərhəddir. Şərqdə Xəzər dənizi ilə əhatə olunmuşdur. Ərazisinin sahəsi – 86,6 min kv. km-dir. Qitə hissəsindən savayı onun sahəsinə Xəzər dənizində olan bir neçə kiçik  adalar da daxildir (Bakı və  Abşeron arxipelağı).Azərbaycanın ərazisində relyefin bütün növlərini: həm dağları, həm ovalıqları, həm düzənlikləri, həm də  çökəklikləri görmək olar. Azərbaycanın demək olar, yarısını dağlar tutmuşdur: şimalda Böyük Qafqaz sıra dağları, cənub-qərbdə Kiçik Qafqaz sıra dağları ucalır. Ölkənin ən yüksək  nöqtəsi – Baş və ya Suayrıcı sıra dağlarında yerləşən Bazardüzü (4 466 m) zirvəsidir. Ölkənin mərkəzi hissəsində Kür-Araz ovalığı, cənub-şərqində isə – Lənkəran ovalığı yerləşir.

    Ölkədə yerin təkində neft, dəmir filizi, əlvan metal  ehtiyatları vardır. Azərbaycanın dağları sıx meşələrlə örtülüdür. Azərbaycan torpağının əsil bəzəyi onun dağ gölləridir. Batabat, Migel, Maralgöl, Göygöl kimi göllər özünəməxsus bənzərsiz gözəlliyə malikdir. 1000-ə yaxın mineral qaynaqlar aşkar edilmişdir, onlardan ən məşhurları – Badamlı, İstisu, Sirabdır.

    Azərbaycanın fauna və florası da zəngin və müxtəlifdir.  Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u respublikada müşahidə olunur.

  • Milli qoruqlar: Ölkənin təbiəti çox zəngindir. Onun ərazisində kaynozoy erasının abidəsi olan nadir meşələr qalmışdır. Onlara daha dünyanın heç bir yerində rast gəlinmir. Ona görə də, qəribə deyil ki, hökumət özünün bir çox  təbiətin mühafizəsi ərazilərini yaradır və onları qoruyur. Qızılağac, Zaqatala, Şirvan kimi qoruqlar beynəlxalq əhəmiyyətə  malikdir. Hirkan Milli parkı Talış meşələrində və Lənkəran ovalıqlarında relikt bitkilərini qoruyur. Türyançay  qoruğunun yaradılmasının əsas məqsədi – Bozdağın arid meşələr landşaftları kompleksinin saxlanılması və bərpasıdır. Böyük Qafqazın cənub yamacındakı təbiət kompleksləri İsmayıllı qoruğunu mühafizə edir, dünyanın ən gözəl göllərindən biri olan Göygöl və onu əhatə edən Kiçik Qafqazın təbii kompleksləri Göygöl qoruğunu mühafizə edir. Ağgöl, Bəsitçay, Qarayaz, Pirquli qoruqları da böyük maraq doğurur. Azərbaycanda ümumən 13 təbii qoruq və 18 müvəqqəti qoruq vardır.
  • Fauna: Azərbaycanın heyvanat aləmi də çox müxtəlifdir və təxminən  12 min  növ heyvan vardır. Meşələrdə ayı, canavar, maral, bəbir, qaban yaşayır. Quru zonalarda çoxlu miqdarda kərtənkələ, zəhərli ilan və digər sürünənlər, habelə dovşanlar, canavarlar, tülkülər olur. Kür və Araz ovalıqlarında vəhşi qabanlar, cüyürlər, porsuqlar, çaqqallar olur. İri heyvanlardan burada ceyranlar yaşayır. Dağıstan dağ keçisinə də rast gəlmək olur. Xəzər dənizinin dayazlıqlarında müxtəlif quş aləminə– qırqovula, kəkliyə, tetra quşuna rast gəlinir. Quşların çoxu – ördəklər, qazlar, qu quşları,  vağlar, qızılqazlar, qutanlar, qarabatdaqlar qışlamaq üçün uçub bura gəlirlər.
  • İxtiofauna: Respublikanın şirin sularında və Xəzər dənizində 30 cinsdən olan  balıqların tutulmasına icazə verilir. Onların çoxu Kürdə və digər su hövzələrində tutulur. Ən qiymətli balıq növləri – qızılbalıq, nərə balığı,  ağbalıq, xəşəm, şamaya və ilanbalığıdır. Bunlardan başqa, çapaq balığı, sazan və digərləri də olur. Respublikanın balıq zavodlarında və müxtəlif növ balıq yetişdirilən təsərrüfatlarda hal-hazırda   20 mln.-a yaxın nərə balığı, 600 min qızılbalıq və 800 mln.-dan çox çapaq balığı, sazan və digər balıq növləri yetişdirilərək dənizə buraxılır.
  • Flora: Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada  4500-dən çox bitki növləri yayılmışdır, o cümlədən 200 endemik növlər vardır ki, bunların da arasında nadir və kökü kəsilən növlərə rast gəlinir. Azərbaycanın ərazisində genişyarpaqlı meşələr, qarışıq meşələr, tuqay meşələri, həmişəyaşıl bitki əkinləri, subalp seyrək meşələri, alp çəmənlikləri (dağlarda) vardır.
  • İqlimi: Ölkə hüdudlarında iqlimin 9 növünə, quru və rütubətli subtropik iqlimdən tutmuş dağ tundra (yüksək dağlıq) iqliminə qədər  rast gəlinir.Orta illik temperatur ovalıqlarda +15° S-dən dağlarda 0° S –dək dəyişir. İyul ayında orta temperatur ovalıqlarda  +26° S-dən (ən çoxu +32-35 °C, lakin bəzən +40 °C-dək çatır) dağlarda +5° S-dək, yanvar ayında orta temperatur müvafiq olaraq +3° C-dən +10° C-dək olur.
    Yay quru keçir. Payızda və yazda yağışlar yağır. İllik  yağıntı Abşeronda 200 mm-dən Lənkəran ovalığında 1200-1700 mm-dək olur. Əsasən payızda çox vaxt güclü şimal küləkləri əsir.
  • Çaylar: Azərbaycanın bütün çayları Xəzər dənizinə tökülür. Azərbaycanda 1 250-dək xırda çaylar  vardır. Çayların çoxu Qafqazın ən iri çayı olan  Kür çayı (uzunluğu 1515 km, sahəsi – 188 min kv.km). hövzəsinə aiddir. Onların bəziləri birbaşa Kürə, digərləri onun  ən iri qolu olan Araz çayına – Azərbaycanın ikinci iri çayı (uzunluğu 1072 km), üçüncüləri birbaşa Xəzər dənizinə tökülür. Kür çayının üstündə Mingəçevir SES və Mingəçevir su hövzəsi (605 kv. km) tikilmişdir.
  • Gölləri: Respublikada  250 göl vardır, onların çoxu kiçik göllərdir, ən böyük göl Hacıqabul (sahəsi 15,5 kv. km) gölüdür. Ondan bir az kiçik göl Böyükşor (10 kv.m.) gölüdür.  Murovdağ sıra dağlarının şimal-şərq yamacında bir sıra  gözəl mənzərəli göllər vardır, onlardan ən gözəli bütün Qafqazda tayı-bərabəri olmayan Göygöldür.